Tanınmış jurnalist Səxavət Məmməd həbs edildi - TƏCİLİ
27 May, 17:00   |    Baxış sayı: 240

Tanınmış jurnalist Səxavət Məmməd həbs edildi - TƏCİLİ

Tanınmış jurnalist Səxavət Məmməd barəsində 10 sutka həbs qərarı çıxarılıb.

DiasporPress.Az xəbər verir ki, bu barədə Ağdam rayon məhkəməsinin hakimi Elşad Bayramov qərar qəbul edib.

Əməkdaşımız Səxavət Məmməd onun barəsində verilən qərarı sifarişli hesab edir. Belə ki, yerli icra orqanı jurnalistin ünvanını bilə-bilə onun barəsində axtarış elan edib. Bu gün məhkəməyə dəvət olunan Səxavət Məmmədə 10 sutka həbs verilib.

O, şəxsi problemlərinə görə üzərinə düşən öhdəliyi yerinə yetirəcəyinə söz versə də, hakim Elşad Bayramov buna məhəl qoymayıb. Ona apellyasiya şikayəti vermək üçün də şərait yaradılmayıb.

Tanınmış jurnalist Səxavət Məmməd həbs edildi - TƏCİLİ



Qeyd edək ki, Səxavət Məmməd daha çox Müdafiə Nazirliyində baş verən özbaşınalıqları işıqlandırması ilə tanınır. Ona son günlərdə yazılarına görə müxtəlif vasitələrlə təzyiqlər olub. Səxavət Məmməd son olaraq Müdafiə Nazirliyinin Qərargah rəisi Nəcməddin Sadıkovun pensiya yaşı çatması ilə bağlı yazısıyla gündəmə gəlmişdi. Elə bu kimi amillər jurnalistin həbsinin sifarişli olmasına dair şübhələri daha da gücləndirir.

O, bu barədə şəxsi bloqunda da yazmışdı. Sitat: "Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi general-polkovnik Nəcməddin Sadıkovun pensiya yaşına gəldiyi barədə yazım sosial mediada qeyri-sağlam reaksiyalara səbəb oldu. Generalın müdafiəsi üçün sosial şəbəkədə yaradılmış "trol ordusu” yuxarıdan verilən komanda ilə üzərimə hücuma keçib, təhqirlər, söyüşlər, aşağılayıcı ifadələr yağdırdılar. Halbuki, sadəcə jurnalist peşə borcumu-neytral mövqedən cəmiyyəti məlumatlandırmaq işimi görmüşdüm. Açıq cəmiyyətin nə olduğunu anlamayan dar dünyagörüşlü, dar düşüncəli adamlar və onları idarə edən xoflu cənablar düşünürlər ki, belə metodlarla cəmiyyətdə istədikləri fikri formalaşdıra bilərlər”.