Komitə nümayəndələrinin Qazaxıstana səfəri başa çatıb
04 Oktyabr, 16:21   |    Baxış sayı: 61

Komitə nümayəndələrinin Qazaxıstana səfəri başa çatıb

Diasporpress.az xəbər verir ki, Almatı, Taldıkorqan, Türküstan və Şimkənt şəhərlərinə səfər zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı Səfirliyinin əməkdaşı ilə birlikdə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin nəzdindəki "Azərbaycan Tarix və Mədəniyyət Mərkəzi”ni, Əhməd Yasəvi adına Universiteti, həmin universitetin Avrasiya Araşdırma İnstitutunu, "Tətbiqi incəsənət məktəbi”nin nəzdindəki Qazaxıstan və Azərbaycan İncəsənət Qalereyasını, Qazaxıstan Xalqları Assambleyasının (QXA) nümayəndəliklərini ziyarət edib, azərbaycanlı icmaların rəhbərləri və üzvləri ilə görüşlər keçiriblər.
Dövlət Komitəsinin şöbə müdiri Anar Rəsulovun və eksperti Teymur Atayevin, Azərbaycanın Qazaxıstandakı Səfirliyinin birinci katibi Məmməd Bağırovun təmsil olunduqları heyət öncə Almatı şəhərində Əl-Fərabi adına Qazaxıstan Milli Universitetindəki "Azərbaycan Tarix və Mədəniyyət Mərkəzi”nin fəaliyyəti ilə tanış olublar. Qonaqlar mərkəzin gələcəkdə türkologiyanın, etnoqrafiyanın, Azərbaycan dili və ədəbiyyatının, mədəniyyətinin öyrənilməsi ocağına çevriləcəyinə əminliklərini ifadə ediblər, kabinetə Azərbaycandan hansı dərs vəsaitlərinin göndərilməsinin zəruriliyi ilə maraqlanıblar.
Almatı şəhərində Əhməd Yasəvi adına Universitetin Avrasiya Araşdırma İnstitutunun müdir müavinləri Suat Beylur və Çingizxan Canaltayla görüş zamanı onlar öz fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
QXA-nın Almatı şəhər nümayəndəliyindəki görüşdə azərbaycanlı icması ilə bərabər yerli hakimiyyət nümayəndələri, respublika etnomədəni birliklərinin rəhbərləri iştirak ediblər. Komitə nümayəndələri çıxış edərək burada yaşayan bütün xalqların etnomədəni inkişafı naminə yaradılmış şəraitdən razılıqlarını bildiriblər. Qonaqlar Azərbaycanda aparılan diaspor siyasəti, Dövlət Komitəsinin xaricdə yaşayan soydaşlarımızla bağlı həyata keçirdiyi layihələr barədə geniş məlumat veriblər.
QXA-nın Taldıkorqan və Şimkənd şəhərlərində fəaliyyət göstərən yerli təşkilatlarında da analoji görüşlər keçirilib. Səfərin Azərbaycan və Qazaxıstan arasında etnomədəni əlaqələrin möhkəmləndirilməsi məqsədinə xidmət etdiyi, QXA-nın və Dostluq evlərinin burada yaşayan xalqların mədəniyyətinin, dilinin, adət-ənənələrinin qorunub saxlanılması üçün böyük işlər gördüyü vurğulanıb. Tədbir iştirakçıları ölkələrimiz arasında möhkəm dostluq əlaqələrinin olduğunu qeyd edərək, tarixi Vətəndən olan nümayəndələrlə keçirilən bu cür görüşlərin gənc nəsil üçün böyük əhəmiyyət daşıdığını bildiriblər. Soydaşlarımız bu cür diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.
Türküstan şəhərindəki Ə.Yasəvi Universitetinin kitabxanasının konfrans zalında azərbaycanlı tələbələrlə toplantı keçirilib. Tədbirdə universitetin prorektoru Çinqiz Tomar, rektor müavinləri Kamalbəy Berkinbayev, Umirbəy Umbətov və Qazaxıstan Xalqları Assambleyasının Türküstan üzrə sədr müavini Qəni Rispekov iştirak ediblər. Ç.Tomar bildirib ki, 17 ölkənin təmsil olunduğu universitetdə hazırda 35 azərbaycanlı tələbə təhsil alır. O, qeyd edib ki, məzunların Türk dünyasının müxtəlif ölkələrində universiteti layiqincə təmsil edəcəklərinə əmindir. Qonaqlar azərbaycanlı gənclərə təhsil almaq imkanları yaradıldığı üçün Universitet rəhbərliyinə və müəllim heyətinə minnətdarlıqlarını bildiriblər. Çıxışlar zamanı tələbələrin problemləri dinlənilib, onlara tövsiyələr verilib. Sonda Dövlət Komitəsinin adından Universitetin kitabxanasına kitablar hədiyyə edilib.
Türkistan şəhərindəki "Tətbiqi incəsənət məktəbi”ndə görüş zamanı məlum olub ki, buradakı Qazaxıstan və Azərbaycan İncəsənət Qalereyasının yaradılmasının təşəbbüskarı həmyerlimiz Şəhla Cəfərovadır. O, rəssamlıqdan dərs dediyi qalereyanın fəaliyyəti, gələcəkdə keçirilməsi nəzərdə tutulan sərgilər barədə ətraflı məlumat verib. Kiçik yaşlı Baljan Kurmanbekin Azərbaycanın işğal altında qalmış torpaqlarında yetişən Xarı Bülbül çiçəyinə həsr etdiyi əsəri qonaqlarda böyük maraq doğurub.