Dövlət Komitəsinə təşəkkürnamə təqdim edilib
12 Dekabr, 15:09   |    Baxış sayı: 82

Dövlət Komitəsinə təşəkkürnamə təqdim edilib

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə "Azərbaycan Könüllülük Həftəsi”nin başa çatmasıyla əlaqədar tədbir keçirilib. Könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə keçirilən tədbirdən əvvəl könüllülük fəaliyyəti ilə bağlı videoçarx təqdim olunub. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov 1-9 dekabr tarixini əhatə edən "Azərbaycan Könüllülük Həftəsi” layihəsi çərçivəsində həyata keçirilmiş müxtəlif sosial aksiyalar və tədbirlər barədə məlumat veriblər.

Diqqətə çatdırılıb ki, bu çərçivədə reallaşdırılan "Şəhidimiz”, "VətənimİZ”, "TəbiətimİZ”, " Könüllülük Sərhəd Tanımır!”, Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu, 4 günlük qış düşərgəsi kimi tədbirlər ümumilikdə 15000-dən çox könüllünü əhatə edib.

Sonra layihənin həyata keçirilməsində fəal iştirak edən müxtəlif qurum və təşkilatlara təşəkkürnamələr təqdim olunub.
 

Qeyd edək ki, "Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları da həyata keçirilən layihələrdə fəal iştirak ediblər. Bu münasibətlə Diasporla İş üzrə Dövlət Komitəsi də təşəkkürnamə ilə təltif olunub. Təşəkkürnamə "Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru, Dövlət Komitəsinin əməkdaşı Bəxtiyar Rəhimova təqdim edilib.