Diaspor sədri İslam Universitetləri Assosiasiyasının baş katibi ilə görüşüb
11 Sentyabr, 17:45   |    Baxış sayı: 37

Diaspor sədri İslam Universitetləri Assosiasiyasının baş katibi ilə görüşüb

Diasporpress.az Diaspor.gov.az-a istinadən xəbər verir ki, Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misir Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin sədri, Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İslam Universitetləri Assosiasiyasının baş katibi professor Üsəmə əl-Abd ilə görüşüb.

Ölkələrimiz arasında bütün sahələr üzrə əlaqələrin inkişafından bəhs edilən görüş zamanı son vaxtlar Azərbaycana gələn misirli turistlərin sayının artması bu tendensiyanın bariz nümunəsi kimi nəzərə çatdırılıb.

Baş katib bildirib ki, İslam Universitetləri Assosiasiyasının əsas məqsədlərindən biri də müsəlman ölkələrindəki təhsil ocaqlarını əlaqələndirmək, onların arasında münasibət qurmağa yardım göstərmək, müvafiq tədbirlər keçirməkdir.

O, deyib ki, Azərbaycanla Misir arasındakı əlaqələrin inkişafına töhfə vermək və Azərbaycan universitetlərinin dünyanın aparıcı universitetləri ilə əlaqələrinin genişlənməsi, yaxın gələcəkdə Azərbaycan universitetlərinin Assosiasiyaya üzv qəbul olunması üçün əlindən gələni edəcək.

Qeyd edək ki, 1969-cu ildə təsis olunan Assosiasiyanın baş ofisi Qahirədə yerləşir və hazırda bu quruma 200 universitet daxildir. Assosiasiya bütün dünya universitetləri ilə həm elmi araşdırmalar sahəsində, həm də beynəlxalq konfransların və digər tədbirlərin təşkilində əməkdaşlıq edir.