Barmaqlar üçüncü qüvvəyə tuşlanır: Və ya forpost Ermənistan təxribatı
16 İyul, 16:17   |    Baxış sayı: 74

Barmaqlar üçüncü qüvvəyə tuşlanır: Və ya forpost Ermənistan təxribatı

Diasporpress.az Azərbaycan və Gürcüstan arasında baş verən son hadisələrlə əlaqədar jurnalist mövqeyini təqdim edir.
 
Elə qüvvələr var ki, həmişə regionun iki strateji müttəfiqi olan Azərbaycanla Gürcüstan arasında problem yaratmağa cəhdlər göstərilib, Bakı -Tbilisi münasibətlərinin pisləşməsinə nail olmaq istəyiblər. Amma tərəflər arasında qarşılıqlı anlaşma və siyasi iradə bu hər dəfə bu çirkin planın həyata keçməsinə imkan verməyib. 

Elə bu dəfə də belə oldu. İyulun 14-ü saat 14:50 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Şəmkir” sərhəd dəstəsinin "Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədildi. Hadisə ilə bağlı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində insident qısa müddət ərzində aradan qaldırıldı və DSX-nın şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edildi. Ərazi sərhədçilərimizin tam nəzarətindədi. 

Dünən Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri də Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.

XİN təəssüflə qeyd edib ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir:

"Bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk”. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülmüş işlərə dair XİN-in məlumatlandırılmasını qarşı tərəfdən tələb edib.

Bəs görəsən politoloqlar baş verən insidenti necə izah edirlər?

Millət vəkili, politoloq Rasim Musabəyov mətbuata verdiyi açıqlamada bildirir ki, orada erməni əsilli xeyli gürcüləşmiş insanlar var, cürbəcür qüvvələrin agenturası var və onlar daima aranı qarışdırmağa meylli olacaqlar. Politoloqun fikrincə son insindent bundan əvvəl məbəd ətrafında başladılan prosesin davamıdır.

Sitat: "İndi Gürcüstanda Rusiya ilə münasibətləri qızışdıran xətt var. Bir də bunun tam əksini etməyə meylli olan qüvvələr var. Həmçinin, Azərbaycanla Gürcüstanın arasını pozmaq istəyənlər də var. Hücum təşkil olunub və əsgərin əlindən silah alınıb. Buna imkan vermək olmaz. Xarici İşlər Nazirliyinin addımını doğru sayıram. Bir daha qeyd edirəm ki, birtərəfli formada hücumlar və təzyiqlər altında kimlərsə düşünürsə ki, öz istədiyinə nail olacaq, səhv edir, Azərbaycan buna imkan verməyəcək”.

Bəs görəsən, Azərbaycan-Gürcüstan münasibətlərini pozmaq istəyən üçüncü qüvvələrdi, ya bu gürcü millətçilərinin özbaşınalığıdır?

Politoloq Əziz Əlibəylinin dediyinə görə, bu olaylar gürcü millətçiliyi ilə süslənmiş kimi görünür. Amma şübhə yoxdur ki, baş verənlər regional qarşıdurmaların məntiqi davamıdır.

"Baş verən olaylarda erməni təxribatçıları olmamış deyil. Ermənistan bölgənin forpost, amma xristian ölkəsi kimi müəyyən rola malikdir. Onlardan biri də Azərbaycana qarşı istifadə edilməsi, ya da özünün istifadə etməsidir. Təəssüf ki, Gürcüstanda da sayları çox, aktivlikləri yüksəkdir. O baxımdan zaman-zaman Azərbaycana qarşı təxribatlarını ərazi kimi Gürcüstanda da reallaşdırırlar”. 

Politoloq deyir ki, belə həssas məqamda Azərbaycan tərəfinin mövqeyi doğru və düzgün hesablanmışdı.

"Bir daha deyirəm, qarşımızdakı hansısa sıradan gürcü millətçisi deyil. Orda atılacaq bir güllə başqalarının məqsədinə xidmət edəcəkdi. Bizim ictimaiyyətin də reaksiyası başa düşüləndi. Amma həqiqət istənilən eyforik düşüncədən kəsərlidir. Sakit olmaq və digər rıçaqlardan istifadə etmək lazımdır”.

Səbuhi Məmmədli
Diasporpress.az