Bakı-2019 biletlərinin 80 faizi öz sahibini tapıb, açılış və bağlanış mərasimlərinə pulsuz avtobuslar ayrılacaq
16 İyul, 16:44   |    Baxış sayı: 60

Bakı-2019 biletlərinin 80 faizi öz sahibini tapıb, açılış və bağlanış mərasimlərinə pulsuz avtobuslar ayrılacaq

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında 946 medal öz sahibini tapacaq. 

Bunu Diasporpress.az-a Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib. 

O bildirib ki, 12 idman obyektində təşkil olunacaq 10 növ üzrə yarışlarda 135 dəst medal oynanılacaq: "Bilirsiniz ki, burada mübarizə fərdi idman növlərində deyil, komanda idman növlərində də gedəcək. Bu səbəbdən də medalların ümumi sayı 946 olacaq. Onlardan 300-ü qızıl, 300-ü gümüş və 346-sı bürüncdür”. 

S. Məmmədova Bakı-2019-un açılış və bağlanış mərasimlərinə biletləri olanlarla akkreditasiya olunmuş şəxslər üçün xüsusi nəqliyyat vasitələrinin ayrılacağını da söyləyib: "28 may” və "Elmlər Akademiyası” metro stansiyalarından mərasimlərin keçiriləcəyi "Crystal Hall”a pulsuz avtobuslar işləyəcəklər. Bu, açılış və bağlanış mərasimlərindən 3 saat öncədən – 17-00-dan gecə saat 01:00-dək davam edəcək”. 

Onun sözlərinə görə, artıq biletlərin 80 faizi öz sahibini tapıb: "Qiyməti 10-15 manat arasında dəyişən açılış mərasiminin biletlərindən 6300-ü alınıb. Qiyməti 5-10 manat olan bağlanış mərasiminə 5000 bilet satılıb. İdman yarışlarına gəldikdə, nəzərdə tutulan klublardan, mərkəzlərdən şəxsiyyət vəsiqələrini təqdim etməklə, pulsuz 4 bilet əldə edib, yarışa gedə bilərlər. Bu günə idman yarışlarının statistikası idman növünə görə dəyişir. Ümumilikdə, biletlərin 80 faizi öz sahibini tapıb. Bakı Tennis Akademiyasında tennis və Avropa Azərbaycan Məktəbində basketbol yarışlarına olan biletlər tamamilə bitib”. 

Nazirlik rəsmisi Bakı-2019-un Azərbaycan idmançıları üçün böyük təcrübə olacağını da qeyd edib. Onun sözlərinə görə, 122 idmançıdan ibarət komandamız ev sahibi kimi bütün növlərdə qüvvəsini sınayacağından ən böyük nümayəndə heyətinə malikdir. 

S. Məmmədova Azərbaycana gələcək ilk ölkənin adını da açıqlayıb: "Bu, İspaniya millisidir. Onlar Azərbaycana bütün komandalardan tez gələcəklər”. 

Mətbuat katibi Atletlər Kəndinin açılış vaxtının dəqiqləşdiyini deyib. O bildirib ki, idmançıların məskunlaşacağı məkan iyulun 18-də komandaların ixtiyarına veriləcək. 

S. Məmmədova Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə xarici jurnalistlər üçün əyləncəli proqramının nəzərdə tutulduğunu və şəhər turu planlaşdırıldığını da vurğulayıb. 

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
 
Diasporpress.az