23 Avqust, 15:35   |    Baxış sayı: 97

"Amazon meşələrinin yanması qlobal böhrandır" - Emmanuel Makron

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Amazon meşələrinin yanması qlobal böhrandır. Onun sözlərinə görə, bu məsələ G-7 ölkələri liderlərinin sammitinin gündəliyinə daxil ediləcək. Fransanın dövlət başçısı sosial şəbəkədəki səhifəsində yazıb: "Bizim hamımızın ortaq evi yanır”.

Diasporpress.az BBC telekanalının saytına istinadla xəbər verir ki, planetimizdə oksigenin 20 faizini hasil edən Amazon meşələrində yanğını davam etməsi qlobal fəlakətə çevrilə bilər. Mütəxəssislər bildirirlər ki, burada hər dəqiqə bir futbol meydançası ölçüsündə meşə sahəsi məhv olur. Yanğınların uzun müddət davam edəcəyi təqdirdə isə burada karbon qazı ifraz edən böyük bir çöllük ərazi yarana bilər. Dünya Təbiət Fondunun bildirdiyinə görə, belə olan halda Amazon meşəlikləri qlobal isinmənin əsas mənbəyinə çevriləcək. Belə ki, "dünyanın ağciyəri” adlanan bu meşələr minlərlə il ərzində atmosferə emissiya edilən böyük miqdarda karbon dioksidi udur.

Buradakı milyardlarla ağacın hər il çoxlu miqdarda karbon qazını udduğunu qeyd edən ekoloqların qənaətinə görə, onun zərərsizləşdirdiyi bu maddənin həzmi regionun 9 ölkəsinin 1980-2010-cu illərdə emissiya etdiyi zəhərli qazların miqdarına bərabərdir. Amazon meşələrində Yer kürəsindəki flora və faunanın da ondabiri mövcuddur. Hazırda bu ərazidəki 2500 nöqtədə yanğınlar davam edir.

Braziliya Milli Kosmik Araşdırmalar Agentliyinin məlumatına görə, bu ilin 8 ayı ərzində Amazon meşələrində 75 minə yaxın yanğın baş verib. Yanğınların tüstüsü Peru, Boliviya və Paraqvaya da çatıb.

CNN-nin meteorologiya mütəxəssisi Haley Brink bildirib ki, çoxlu yağışlar yağan bu meşələrdə yanğının baş verməsi çətindir. O iddia edib ki, heyvanları otarmaq məqsədilə bu yanğınları qəsdən çıxarırlar. Brink əlavə edib ki, sentyabrda bu ərazidə havalar daha isti olacaq.
 
Diasporpress.az